Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
2025-ci il TÜRKSOY tərəfindən bu il 100 illik yubileyi qeyd olunan, Türk dünyasının böyük şairi və dramaturqu Bəxtiyar Vahabzadənin (1925-2009) Anım ili elan olunmuşdur.
Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş “Dar ağacı” faciəsi IX əsrdə Xürrəmilər hərəkatının başçısı, Ərəb xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş sərkərdə Babəkin edam olunmasından sonrakı hadisələr barədədir.
Babək ölsə də, onun ruhu insanlar arasında dolaşır. Qardaşı Akşin xəyanət yolu ilə Babəki edam etdirdikdən sonra xilafətin Azərbaycandakı valisi (şahı), Babəkin oğlu Sabutay isə orduya baş sərkərdə təyin olunur. Baş vəzir İbn Tahir şah olmaq iddiasında olduğu üçün Akşini, onun ailəsini xilafət nümayəndələri İbn Zeyd və İbn Süheyl qarşısında gözdən salır. O, Akşinin İslam dininə sədaqətini şübhə altına alır.
Akşin ərəb əhalisini vergilərdən azad edib ölkədə Novruz bayramını qadağan edir. Babəkin oğlu Sabutayı üsyançıların yanına göndərib, onları İslama dəvət etdirmək istəyir. Sabutayın burada tanış olduğu Çılğın adlı bir qızla aralarında sevgi hissləri yaranır. Ərəb ordusu Sabutaydan gizli Xürrəmabada hücum edib insanları qılıncdan keçirir. Çılğın işğalçılardan intiqam almaq üçün İbn Zeydin çadırını yandırdığına görə əsir alınır və zindana salınır.
Çılğının xalası Akşinin hüzuruna gəlib çoxillik sirri açmağa məcbur olur: Çılğın Akşinin qızıdır! Akşin qızı Çılğından çadırı yandırmasını boynundan atmağı tələb edir. Atası qızını xilas etməyə çalışsa da, Çılğın yalan danışmaq istəmir.
Akşin zindana qızı Çılğının görüşünə gələndə Çılğın atasından şahlıqdan əl çəkməsini xahiş edir. Akşinin anası nəvəsi Çılğının tapılmasına çox sevinir və onun Sabutayla evlənməsini istəyir. Ana zindanda qarşılaşdığı İbn Zeydi nəvəsinin yanında görüb etiraz edəndə o, Ananı itələyib yıxır. Bu vaxt Akşin xəncərlə İbn Zeydə hücum çəkir. Lakin nəhayətdə onlar dil tapırlar: Akşin Çılğını azad edəcəyi təqdirdə İbn Zeydə qızıl vəd edir.
Amma Akşinin yola saldığı qızıl yüklü karvanları Sabutayın göstərişi ilə üsyançılar soyurlar, İbn Zeydi əsir alırlar. İbn Tahir bütün baş verənləri, gizli məlumatları İbn Süheylə çatdırır. İbn Süheyl xilafət ordusu ilə şəhərə daxil olur. Çılğının Akşinin qızı olduğunu xain İbn Tahir İbn Süheylə xəbər verir.
Sabutay zindana Çılğını xilas etməyə gələndə ərəb əsgərləri onun qarşısını kəsirlər. Ərəblərə əsir düşməmək üçün Sabutay özünü öldürür. İbn Süheyl Akşindən öz əli ilə qızı Çılğını asıb öldürməyi tələb edir. Akşin etiraz edir. Çılğını atasının qarşısına gətiriləndə o, atasının xəncəri ilə intihar edir. İbn Süheyl hökmün yerinə yetirilməsini artıq şah elan olunmuş İbn Tahirə həvalə edir. O da Akşinin dar ağacından asılmasını əmr edir. Akşin özü öz əli ilə kəndiri boynuna keçirir...

8 ₼-dan
5 ₼-dan
5 ₼-dan
10 ₼-dan
7 ₼-dan
10 ₼-dan