Musiqili Teatrda Mədəniyyət Nazirliyinin yeni layihəsi - "Anamın kitabı"
Anamın kitabı (annotasiya)
Azərbaycanın dahi dramaturqu Cəlil Məmmədquluzadə bütün əsərlərində hər dövrə aid olan aktual mövzulara toxunub. Bu mövzular bugünkü günümüzlə səsləşir, bizi narahat edir və düşündürür. Böyük dramaturqun “Anamın kitabı” əsərində əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisə və münaqişələrdir. Əsərin baş qəhrəmanı olan Ana oğullarını öz milli- mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarı ilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar.
Beləliklə, ana övladları ilə mübarizəyə başlayır. Onun qəlbini dəlib-deşən dərd yükü isə səngimir, daha da alovlanır, sanki rəvayətlərdəki əcaib-qəraib bir əjdahaya şevrilir.
Çox təəssüf ki, bu çətin mübarizədə əjdaha boyda dərd yükü ananı məğlub edir.
Təbii ki, müasir dövrümüzün tələblərinə uyğun yeni texnologiyaları, xarici dilləri mənimsəməyin faydaları çoxdur, lakin hər kəs öz doğma ana dilini, milli dəyərlərini, tarixini bilməlidir. Ana dilini bilmək özünüdərk və müqəddəs amaldır.