Mirzə Fətəli Axundzadə “ Sərgüzəşti- vəziri- xani-Lənkəran ”
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran ” pyesində hadisələr XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən - xanlıq dövründən bəhs edir. Əsərdə hakimiyyət, cəmiyyət və şəxsiyyət problemi, insan azadlığı önə çəkilir, əsərin qəhrəmanı vəzir Mirzə Həbibin və Xanın simasında feodal üsul – idarəsinin, ədalətsiz dövlətçilik sisteminin gülünc vəziyyəti tənqid olunur. Bu mövcud idarəçilikdə çürümə prosesinin getdiyindən soraq verir. Bütün bu proseslər bədii obrazlar fonunda öz əksini tapır.
Xanın qardaşı oğlu Teymur ağanın və gənc qadın obrazları – Nisə xanımın, Şölə xanımın simasında dramaturq oxucularda və tamaşaçılarda gələcəyə nikbin əhval-ruhiyyə oyadır. Ağıllı, çevik və bir qədər hiyləgər bu qəhrəmanlar öz haqq və azadlıqlarını dramatik mübarizə şəraitində qoruyub saxlayırlar.
“Sərgüzəşti-vəziri-xani-Lənkəran” 19-cu əsrdən başlayaraq bu günə kimi teatr ictimayətinin diqqətini cəlb etmiş, dönə-dönə müxtəlif quruluşlarda tamaşaya hazırlanmışdır. Professional Azərbaycan teatrının bünövrəsi də 1873-cü ildə bu əsərlə qoyulmuşdur.
Sərgüzəşti-vəziri-xani-Lənkəran
Bünövrəsi M.F.Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» pyesi ilə qoyulan Azərbaycan səhnə sənəti dəfələrlə bu əsərə müraciət etmişdir. Bu komediya müxtəlif quruluşlarda, müxtəlif yozumlarda oynanılmışdır. Növbəti yozum isə Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlunun quruluşundadır.
Tamaşada ehtiraslarının əsiri, qadın quramalarının, «hiylələri»nin əlində başını itirmiş vəzir Mirzə Həbib, dövlətçiliyi gülünc vəziyyətə salmış Xan obrazlarına yeni yöndən yanaşılır. İctimai sosial bəlalar komik vəziyyətlərdə «əridilir».
Dramaturqun ideyalarından bəhrələnən «Sərgüzəşti-vəziri-xani-Lənkəran» tamaşasında Teymur ağanın, gənc qadın obrazları – Nisə xanımın, Şölə xanımın və digərlərinin simasında gələcəyə nikbin əhval-ruhiyyə yaradılır. Nəticədə zamanla səsləşən bitkin bir səhnə əsəri yaradılır.