Teatr səhnəsində ilk olan “Axtarış” tamaşasının xüsusi premyerası keçiriləcək. Məşhur incəsənət nümayəndələri, dövlət və ictimaiyyət xadimləri ilə birgə tamaşa izləyin. Əsl bayram ovqatında olan bu nümayiş unudulmaz bir günə çevriləcək.
Siz bu tamaşada eyni anda iki əsər izləyəcəksiniz. Belə ki, təsəvvüf fəlsəfəsinin öncüsü Fəridəddin Əttarın “Quşların dili” və ekzistensial fəlsəfənin yaradıcılarından Alber Kamyunun “Anlaşılmazlıq” əsərləri əsasında hazırlanan “Axtarış” tamaşası hər iki əsərin hekayəsini paralel şəkildə tamaşaçılara təqdim edir.
“Axtarış” – bu, sadəcə bir tamaşa deyil. Bu, həqiqəti axtaranların və mənəviyyat yoluna qədəm qoyanların hekayəsidir. Tamaşa, yer üzündəki bütün quşların özlərinə padşah axtarması ilə başlayır. Onların padşahı — Qaf dağının arxasında yaşayan Simurqdur. Quşlar Simurqu tapmaq üçün yeddi məşəqqətli vadidən keçməlidirlər. Lakin onların çoxu bu çətin yola çıxmaqdan imtina edir. Yoldan dönənlər özlərini Kamyunun yaratdığı anlaşılmaz dünyada tapırlar. Bu dünyada bir ana və qızının işlətdiyi oteldə qəribə hadisələr baş verir. Onlar müştəriləri öldürərək, arzuladıqları "günəşli yerlərə" çatmağın yolunu axtarırlar. Lakin otelə gələn növbəti müştəri — Jan — bütün münasibətləri və hadisələrin gedişatını dəyişir. Ana cinayətlərə son qoymaq üçün qızını razı salmağa çalışır. Lakin Marta öz arzularından və həyatının mənasını axtarmaqdan heç bir halda imtina etmək istəmir. Bu iki fərqli hekayə tamaşa boyunca ilmə-ilmə bir-birinə toxunur və biz sonda əvəzolunmaz bir mənzərənin və dərin ideyanın şahidi oluruq.
Müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə olan bu tamaşa məşhur aktyorların ifasında nümayiş olunacaq. Tamaşada xalq artisti Mehriban Zəki, aktyorlar Səmayə Ağayarova, Elşən Əskərov, Elsevər Rəhimov, Lalə Süleymanova, Elvin Mirzəyev, Fərid İsmayılov, Aydan Ağazadə, Gülnar Əlfidatlı, Səadət Abbasova, Sərxan Nəciyev və Bəhram Rəhimli çıxış edəcək.
Tamaşanın prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailov, səhnə tərtibatçısı Tamerlan Abdullayev, geyim tərtibatçısı Nübar Hüseynovadır. Tamaşanın hazırlanmasında süni intellektdən istifadə olunmuşdur.