Bülbülün ev-muzeyi — Azərbaycan müğənnisi Bülbülün yaşadığı və dünyaya gəldiyi evdir. 1992-ci ilə qədər Şuşada yerləşən bu muzey, Bakıdakı memorial muzeyin filialı olmuşdur. Ev iki otaq və eyvandan ibarət idi. Bülbül burada anadan olmuş, uşaqlığını keçirmiş və ilk dəfə musiqi ilə burada tanış olmuşdur.
Divarda olan yazıya görə, bina 1788-ci ildə inşa olunmuşdur. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşa Şəhər Xalq Deputatları Soveti bu evi ev-muzeyinə çevirmişdir. 1982–1983-cü illərdə bina təmir olunmuş, muzey ekspozisiyası yaradılmış və önündə inzibati bina inşa edilmişdir.
Muzeydə Bülbülün yaradıcılıq, elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən təxminən 9000 sənəd toplanmışdı. 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmış və 2020-ci ilə qədər işğal altında qalmışdır.
2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə muzey yenidən açılmışdır. Bir il ərzində muzeyi 40,000 nəfər ziyarət etmişdir. 2021-ci ilin sentyabrında ev-muzeyə yeni direktor — jurnalist Fəxrəddin Hacıbəyli təyin edilmişdir.
Muzeydə Bülbülün uşaqlıq şəkilləri, şəxsi əşyaları, musiqi alətləri, konsert afişaları, Azərbaycan və İtaliyadakı təhsili ilə bağlı sənədlər, fotoşəkillər və nadir sənədlər nümayiş etdirilir. Ekspozisiyada həmçinin onun vokal məktəbinin yaradılmasında və xalq musiqisinin təbliğindəki rolu əks olunur.
Ev işğaldan azad edildikdən sonra orijinal eksponatlar qalmamış, onların hamısı məhv edilmişdir. Hazırda Şuşa muzeyində nümayiş olunan bütün eksponatlar Bakıdakı ev-muzeyindən gətirilmişdir.
Bərpa zamanı bina əsaslı şəkildə təmir olunmuş, yeni büst, yay konsert salonu və müasir ekspozisiyalar əlavə edilmişdir. İlk tədbir — Bülbülün 125 illik yubileyi və Beynəlxalq VIII Vokal Müsabiqəsinin final mərasimi burada keçirilmişdir.