Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən biridir. İdman-Konsert Kompleksinin (İKK) inşasına 1977-ci ildə Bakının Tbilisi prospektində başlanılıb. İKK 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Beybutov Rafik Qəmbər oğludur. İKK-də hər gün üç idman zalı fəaliyyət göstərir. Onlardan birində artıq 23 ildir ki, bədii gimnastika üzrə məşğələlər keçirilir, digəri müasir fitnes zalıdır, üçüncü zalda müxtəlif vaxtlarda qış idman növləri, mini futbol və basketbol üzrə məşğələlər keçirilir. İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib. Kompleksdə həmçinin 200-dən çox beynəlxalq sərgi, yerli və xarici ifaçıların iştirakı ilə konsert keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən 2004-cü ilin mart ayında İdman-Konsert Kompleksinə Heydər Əliyevin adı verilib. Gənclər və İdman Nazirliyinin qərarı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksi 2009-cu ilin yekunlarına görə ilin ən yaxşı idman qurğusu elan edilib.